ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc İslamlı Turan Fehruz oğlu Bakıda həyatına son qoyub.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası Laçın rayonundandır. Ailə uzun müddətdir Bərdə rayonunda yaşayır.
Turan İslamlı ixtisasca mühəndis olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərdikdən sonra ABŞ-yə gedib və ordu sıralarında xidmətə başlayıb.
Məlumata görə, Turan İslamlı şahmatla da ciddi şəkildə məşğul olub və güclü şahmatçı kimi tanınıb. Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.
Yaxınlarının sözlərinə görə, Turan “Green Card” qazanaraq ABŞ-yə köçüb. Daha sonra orduya daxil olub. O, bütün fənlər üzrə yüksək biliklərə malik olub və ingilis dilində imtahan verib.
Bildirilir ki, Turan məzuniyyətə Bakıya gəlib. Səhər saatlarında onun həyatına son qoyduğu məlum olub.
Hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
