Gürcüstan beynəlxalq sanksiyalar rejiminə uyğun olaraq İranla hava əlaqəsini dayandırmaq qərarına gəlib.
“ilkinxeber.az” informasiya agentliyinin “Kommersant”a istinadən məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
Baş nazir bildirib ki, qərar ABŞ tərəfindən İranın aviaşirkətlərinə, eləcə də Gürcüstana uçuşlar həyata keçirən şirkətlərə qarşı tətbiq olunan sanksiyalarla əlaqədardır.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan müxtəlif dövlətlər və beynəlxalq qurumlar tərəfindən tətbiq edilən sanksiya rejimlərini nəzərə alır və bu səbəbdən müvafiq qərar qəbul edib.
O, eyni zamanda Gürcüstanın İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmək niyyətində olmadığını bildirib. Baş nazir belə bir addımın yanlış və absurd olacağını qeyd edib.
Gürcüstanın Mülki Aviasiya Agentliyi də sentyabrın 10-da ölkənin beynəlxalq sanksiyalar rejiminə tam uyğun fəaliyyət göstərəcəyini açıqlamışdı.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də yeni məhdudiyyətlər elan edib. Qərara əsasən, 27 İran aviaşirkəti sanksiya siyahısına daxil edilib.
Sanksiyalara düşən şirkətlər arasında Tbilisi və Batumiyə uçuşlar həyata keçirən “Qeshm Air”, “Varesh Airlines”, “Sepehran Airlines” və “Fly Kish Airlines” də yer alır.
