Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olan, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib.
“ilkinxeber.az” informasiya agentliyi Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, mərasim Hərbi Memorial Məzarlıqda baş tutub.
Dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında uzunillik xidmətləri qeyd olunub. General-mayorun xatirəsi ehtiramla yad edilib.
Mərhum hərbçinin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
