İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən 36 yaşlı Nərmin Məhərrəmova (soyad şərtidir) barəsində məhkəmə hökmü çıxarılıb.
Məlumata görə, N.Məhərrəmova özünü Prezident Administrasiyasının məsul əməkdaşı kimi təqdim edərək müxtəlif vədlərlə 6 nəfərdən 200 min manata yaxın pul alıb.
O, zərərçəkmişlərə işə düzəltmək, diplom əldə etmək, pul nağdlaşdırmaq, qızıl biznesi ilə bağlı kömək göstərmək və lombarddan qızıl çıxarmaq kimi vədlər verib. Bəzi şikayətçilərin sözlərinə görə, Nərmin yüksəkvəzifəli şəxslərlə əlaqələrinin olduğunu bildirərək onların etimadını qazanıb.
Sonradan onun Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən və əvvəllər “Lider TV” kimi tanınan binada fəaliyyət göstərən Azərbaycan Həmrəylik Partiyası ilə əlaqəsinin olduğu məlum olub. Zərərçəkmişlərdən bir neçəsi həmin ünvana gedərək pullarını geri tələb edib. Lakin vəsaitlərini geri ala bilmədikləri üçün polisə müraciət ediblər.
Bunun əsasında N.Məhərrəmova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə prosesində Azərbaycan Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov ifadə verərək Nərmini və atasını tanıdığını, lakin onun partiyada işləmədiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərmin Məhərrəmova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, zərərçəkmişlərdən birinin 143 min manat məbləğində mülki iddiası təmin olunub. Qərara əsasən, həmin vəsait N.Məhərrəmovadan tutularaq zərərçəkmiş şəxsə ödənilməlidir.
Özünü PA əməkdaşı kimi təqdim edən qadına 6 il həbs cəzası verildi
Şərh edilməmiş
