İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törətməkdə təqsirləndirilən 24 yaşlı Məhəbbət Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhəbbət Talıbov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
Məhkəmədə bildirilib ki, Böyük Bəhmənli kənd sakini olan M.Talıbov hadisə günü toy mərasimində iştirak edib. Daha sonra sərxoş vəziyyətdə evinə qayıdan şəxs atasının toy zamanı səhhətində problem yarandığını və xəstəxanaya aparıldığını öyrənərək Füzuli Rayon Mərkəzi Xəstəxanasına gedib.
Xəstəxananın təcili yardım şöbəsində həkimi yerində görməyən M.Talıbov sərxoş vəziyyətdə kardioloqla mübahisə edib və ona zərbələr endirib. Hadisəyə müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışan xadiməyə də hücum edib.
İnsident zamanı xadimə müxtəlif xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, zərərçəkmiş şəxsdə sümük sınığı, kəllə-beyin travması, hematomalar və digər xəsarətlər qeydə alınıb.
Məhkəmə iclasında Məhəbbət Talıbov əməlini etiraf edib və özünü qismən təqsirli bilib.
Füzuli Rayon Məhkəməsi Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarını nəzərə alaraq M.Talıbovu cinayət məsuliyyətindən azad edib və cinayət işi üzrə icraata xitam verib.
Qeyd edək ki, Məhəbbət Talıbov Vətən müharibəsi şəhidi Məhəmməd Talıbovun qardaşıdır.
