İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, texnologiyalar parklarının rezidentlərində çalışan fiziki şəxslər üçün yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən texnologiyalar parkının rezidentlərində, o cümlədən parkdan kənarda fəaliyyət göstərən rezidentlərdə bu fəaliyyət üzrə çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərindən gəlir vergisi 20 il müddətinə 0 faiz dərəcəsi ilə tutulacaq.
Dəyişikliklərə əsasən, iri sahibkarlıq subyektlərinin güzəştlərdən yararlanması üçün əlavə şərtlər də müəyyənləşdirilir. Belə şirkətlər ixrac gəlirlərinin ümumi gəlirlərində müəyyən ediləcək minimum xüsusi çəkiyə malik olması və ixracdan əldə olunan vəsaitlərin Azərbaycandakı bank hesablarına köçürülməsi şərtilə güzəştlərdən istifadə edə biləcəklər.
Güzəştlərin 2027-ci il yanvarın 1-dən texnologiyalar parkının rezidenti şəhadətnaməsini alan və qeyri-dövlət sektoruna aid olan, həmçinin səhmlərinin və ya paylarının 51 faiz və daha çox hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan rezidentlərə şamil edilməsi nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
