İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyasının tikintisi aparılır.
Şəlvə çayının rayon ərazisindən keçən hissəsində inşa edilən “Seyidlər” SES-in gücü 4,59 meqavat, “Bülövlü” SES-in gücü 3,16 meqavat, “Qoşasu” SES-in gücü isə 2,93 meqavat olacaq.
Hər üç stansiya üçün suqəbuledici qurğular artıq inşa edilib. Mürəkkəb dağlıq relyef şəraitində suyun stansiyalara çatdırılması məqsədilə ümumilikdə 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.
Hazırda tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, son 6 il ərzində Laçın rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istifadəyə verilib.
Yeni stansiyaların fəaliyyətə başlamasından sonra rayonda su elektrik stansiyalarının sayı 14-ə, ümumi gücü isə 83,3 meqavata yüksələcək.
Hazırda Laçının 8-10 meqavatlıq elektrik enerjisi tələbatı tamamilə su elektrik stansiyalarında istehsal olunan “yaşıl enerji” hesabına qarşılanır. Artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.
