Bakı metropolitenində 2030-cu ildən etibarən sərnişinlərin müxtəlif metro xətləri arasında keçid imkanları genişləndiriləcək.
ilkinxeber.az informasiya agentliyinin Oxu.Az-a istinadən verdiyi məlumata görə, bunu “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, gələcəkdə metronun “bənövşəyi”, “yaşıl” və “qırmızı” xətləri bir-biri ilə əlaqələndiriləcək. Bunun nəticəsində sərnişinlər bir xətdən digərinə keçməklə daha rahat hərəkət edə biləcəklər.
Bəxtiyar Məmmədov bildirib ki, hazırda “yaşıl” və “qırmızı” xətlər arasında əsas keçid “28 May” stansiyasında həyata keçirilir. Yeni layihələrin reallaşdırılması ilə keçid imkanlarının sayı əhəmiyyətli dərəcədə artacaq.
Məlumata görə, “bənövşəyi” xətt üzrə nəzərdə tutulan altı stansiyanın üçü keçid funksiyasını daşıyacaq. Beləliklə, sərnişinlər “Avtovağzal” stansiyasından metroya daxil olduqdan sonra “Memar Əcəmi” və “Nizami” stansiyalarında digər xətlərə keçid edə biləcəklər.
Bundan başqa, “Sahil” stansiyasının yaxınlığında yeni keçid stansiyasının inşası planlaşdırılır. Bu stansiya vasitəsilə “Avtovağzal” istiqamətindən gələn sərnişinlər “Sahil”dən keçərək “Əhmədli” və “Həzi Aslanov” stansiyalarına gedə biləcəklər.
Digər keçid stansiyasının isə “Xətai” stansiyasının yaxınlığında inşa olunacağı bildirilir.
Yeni keçid imkanlarının yaradılması ilə metro şəbəkəsinin sərnişindaşıma qabiliyyətinin artırılması və yerüstü nəqliyyatın yükünün azaldılması nəzərdə tutulur.
