Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemləri üzrə yeni tarifləri təsdiqləyib. Dəyişikliklərə əsasən, bir sıra xidmət haqlarının yuxarı həddi aşağı salınacaq.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, AMB İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə təsdiqlənən yeni tarif siyasəti ödəniş sistemlərində xidmət haqlarının optimallaşdırılmasını və innovativ ödəniş həllərinin inkişafını nəzərdə tutur.
Yeni tariflərə əsasən, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) üzrə xidmət haqlarının yuxarı həddi iki dəfə, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə 1,5 dəfə azaldılır. Həmçinin ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilir.
Yeni modeldə xidmət haqqı əməliyyatın həyata keçirildiyi vaxtdan asılı olmayaraq, köçürmənin məbləğinə uyğun müəyyən edilmiş intervallar üzrə sabit məbləğlərlə hesablanacaq.
24/7 rejimində fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) üzrə tariflər digər ödəniş sistemləri ilə müqayisədə daha aşağı müəyyən edilib. Bu sistem vasitəsilə istifadəçilər sadə identifikatorlardan yararlanmaqla bank hesabları arasında köçürmələr apara, vəsaitləri real vaxt rejimində qəbul edə biləcəklər.
Dəyişikliklər Banklararası Kart Mərkəzinin (BKM) xidmət haqlarını da əhatə edir. Belə ki, kartdan köçürmə əməliyyatlarının emalı üzrə yeni tariflər müəyyənləşdirilib.
AMB-nin yeni tarif siyasətinin məqsədi ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləmək və istifadəçilərdən tutulan xidmət haqlarını optimallaşdırmaqdır.
Qeyd edək ki, yeni tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.
