Azərbaycanda tikinti layihələrinin icrasına nəzarətin gücləndirilməsi, inzibati prosedurların təkmilləşdirilməsi və gecikmələrin aradan qaldırılması məqsədilə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev olacaq. Komissiyanın tərkibinə bir sıra nazirliklərin müavinləri, dövlət agentliklərinin və digər aidiyyəti qurumların rəhbər vəzifəli şəxsləri daxil ediləcək.
Komissiyanın əsas vəzifələri dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icra vəziyyətini təhlil etmək, layihələrin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin səbəblərini araşdırmaq, habelə dövlət qurumları arasında əlaqələndirməni təmin etməkdir.
Bununla yanaşı, tikinti layihələri üzrə prosedurların sadələşdirilməsi, icra müddətlərinin optimallaşdırılması, rəqəmsal həllərin tətbiqi və tikinti sahəsində investisiyaların stimullaşdırılması istiqamətində təkliflər hazırlanacaq.
Komissiya qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı təkliflərini altı ay müddətində Prezidentə təqdim etməli, görülən işlər barədə isə ildə bir dəfə dövlət başçısına hesabat verməlidir.
Sərəncamla Nazirlər Kabinetinə və aidiyyəti dövlət qurumlarına da müvafiq tapşırıqlar verilib. Tikintiyə icazələrlə bağlı müraciətlərin daha səmərəli araşdırılması, vahid məlumat bazasının yaradılması və dövlət informasiya sistemləri arasında inteqrasiyanın təkmilləşdirilməsi istiqamətində tədbirlər görüləcək.
