İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rüstəm Hüseyn oğlu İbrahimov Çin Xalq Respublikasında saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Ədliyyə Nazirliyinin məlumatına görə, Rüstəm İbrahimov 2025-ci ildə Bakı şəhərində birgə yaşadığı mənzildə həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa ağır zərər vurma faktı üzrə cinayət işi açılıb.
Hadisədən sonra ölkədən qaçaraq gizlənən şəxsin yeri Çində müəyyən edilib və o, həbs olunub. Azərbaycanla Çin arasında imzalanmış təslim etmə haqqında müqaviləyə uyğun olaraq aparılan danışıqlar nəticəsində onun Azərbaycana ekstradisiyasına razılıq verilib.
Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin əməkdaşları tərəfindən Azərbaycana gətirilən R. İbrahimov məhkəmənin qərarı ilə istintaq təcridxanasına yerləşdirilib.
