İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan və Özbəkistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
19 avqust tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistanda səfərdə olub. Səfər çərçivəsində o, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov tərəfindən qəbul edilib.
Görüşdə iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının intensiv təmaslarının mühüm rolu qeyd edilib.
Daha sonra iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Görüşə Azərbaycan tərəfindən Samir Şərifov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət inkişafı, eləcə də ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər həmçinin BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
