BP şirkəti iyunun 8-də Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycan və Gürcüstan tərəfinə ötürəcək.
“ilkinxeber.az”ın məlumatına görə, bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel Bakıda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin tarixdən etibarən kəmərin Azərbaycan və Gürcüstan hissələri üzrə operatorluq funksiyası layihənin sahiblərinə keçəcək.
Qeyd edək ki, 2026-cı ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.
Bakı-Supsa kəməri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neftin ixracı üçün nəzərdə tutulub. Ümumi uzunluğu 837 kilometr olan boru kəmərinin 775 kilometri yeni, 55 kilometri isə yenidən bərpa olunmuş hissələrdən ibarətdir. Kəmərin illik ötürücülük gücü 7 milyon tondan artıq (gündə təxminən 145 min barel) təşkil edir.
Xatırladaq ki, bu marşrut üzrə nəql 2022-ci ilin yazında dayandırılmışdı.
İlkinxeber.az
