Ailədə iki azyaşlı uşaq olduğu və valideynlərdən birinin əmək müqaviləsi əsasında işlədiyi, digərinin isə analıq məzuniyyətində olduğu hallarda vergi güzəşti ilə bağlı mühüm məqamlar açıqlanıb.
İlkinxeber.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, himayəsində azı üç nəfər olan şəxslərin aylıq gəliri 50 manat məbləğində azaldılır.
Qeyd olunub ki, bu şəxslərə qohumluq dərəcəsindən asılı olmayaraq himayədə olanlar, o cümlədən 23 yaşınadək gündüz təhsil alan şagird və tələbələr də daxildir. Əgər hər iki valideyn işləyirsə, güzəşt yalnız onlardan birinə tətbiq edilir.
Məlumata görə, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlar istisna olmaqla), eləcə də tam dövlət təminatında olan şəxslər himayədə olan şəxs kimi nəzərə alınmır.
Bildirilib ki, analıq məzuniyyətində olan valideynin aldığı müavinət bu güzəştdən istifadə etməyə mane olmur. Bu halda ailədə iki azyaşlı uşaq və həyat yoldaşı ilə birlikdə himayədə olan şəxslərin sayı üçə çatdığı üçün işləyən valideyn sözügedən 50 manatlıq vergi güzəştindən yararlana bilər.
Güzəştdən istifadə etmək üçün müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır. Bunlara ər və ya arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə iş yerindən arayış, eləcə də yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayış daxildir.
Məlumat üçün bildirək ki, bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi sənədlər siyahısına uyğun olaraq tətbiq edilir.
