Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması perspektivləri getdikcə daha çox qeyri-neft sektorunun inkişafı ilə əlaqələndirilir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan son illərdə güclü makroiqtisadi idarəetmə, möhkəm fiskal ehtiyatlar və düşünülmüş dövlət siyasəti nəticəsində xarici iqtisadi təsirlərə qarşı dayanıqlılığını qoruyub saxlayıb.
Rolande Prays qeyd edib ki, karbohidrogen hasilatının mərhələli şəkildə azalması fonunda davamlı iqtisadi artımın təmin olunması və keyfiyyətli məşğulluğun artırılması üçün qeyri-neft sektorunun rolu daha da artacaq. Bu baxımdan turizm sahəsi iqtisadiyyatın şaxələndirilməsi və artım tempinin yüksəldilməsi üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur.
Bildirilib ki, 2025-ci ildə Azərbaycanda iqtisadi artım neft hasilatının azalması və qeyri-neft sektorunda artım tempinin zəifləməsi səbəbindən 1,4 faiz səviyyəsində olub.
