Paşinyanın siyasi kursu davam edə bilər: Ermənistanla bağlı yeni proqnoz
Ermənistanda keçirilən seçkilərin nəticələrinin Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvəyə hökumət formalaşdırmaq imkanı verəcəyi gözlənilir.
İLKİNxeber.az xəbər verir ki, bu barədə beynəlxalq analitik mərkəz olan Stratforun yaydığı qiymətləndirmədə qeyd olunub.
Məlumata görə, seçkilərin nəticələri Paşinyana Azərbaycanla sülh prosesini davam etdirmək, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaq və Qərb ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək üçün siyasi dəstək qazandıra bilər.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının əldə edəcəyi mandat sayı Konstitusiyaya dəyişiklik etmək üçün kifayət etməyə bilər. Bu halda hökumətin müxalif siyasi qüvvələrin dəstəyinə ehtiyac duyacağı bildirilir.
Analitiklərin fikrincə, belə vəziyyət Azərbaycanın irəli sürdüyü bəzi tələblərin yerinə yetirilməsi prosesini çətinləşdirə bilər.
Hesabatda həmçinin vurğulanır ki, Rusiyaya yaxın mövqedə olan müxalifətin güclənməsi Ermənistanda daxili siyasi rəqabəti artırmaqla yanaşı, hökuməti Moskvanın siyasi və iqtisadi təsirlərinə qarşı daha həssas vəziyyətə sala bilər.
