Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsinə dair iddiası üzrə məhkəmə araşdırması başa çatıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, məhkəməyə müraciət edən ana oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirib. O, oğlunun gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini istəyib.
Cavabdeh isə iddianı qəbul etməyib. O, ailə daxilində yaranmış mübahisələrin əmlakın satılması məsələsi ilə bağlı olduğunu bildirib.
Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahid ifadələri, polis orqanlarına edilən müraciətlərlə bağlı sənədlər, səs yazıları və digər sübutlar araşdırılıb.
Məhkəmə müəyyən edib ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanıyır. Lakin müəyyən hallarda miras qoyan şəxs sağlığında məhkəməyə müraciət edərək həmin şəxsin məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edə bilər.
İş üzrə sübutları qiymətləndirən məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğunu müəyyən edib. Cavabdehin anasına qarşı davranışı miras qoyana qarşı qəsdən sərt rəftar kimi qiymətləndirilib.
Məhkəmə həmçinin vurğulayıb ki, ailə münasibətləri yalnız hüquqi qohumluqla məhdudlaşmır. Bu münasibətlər qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də əhatə edir. Araşdırılan iş üzrə həmin münasibətlərin ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.
Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunub. Beləliklə, cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib.
Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvəyə minəcək.
Ana oğlunu mirasdan məhrum etdi
Şərh edilməmiş
