Abşeron rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi iki keçmiş futbolçunun faciəvi ölümü ilə nəticələnib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Lökbatan–Qobu avtomobil yolunda baş verən qəzada həyatını itirən Rauf Hüseynov və Bəhruz Sultanov uzun illər futbol sahəsində fəaliyyət göstəriblər. Onlar Lökbatan və Qobu qəsəbələrində yeniyetmələrin futbol hazırlığı ilə məşğul olub, məşqçi kimi çalışıblar. Həmçinin birlikdə Qobu qəsəbəsində avtoyuma xidməti göstərən obyekt işlədirdilər.
Məlumata əsasən, qəza Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı minik avtomobilinin Mais Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Toqquşma zamanı Rauf Hüseynov və sərnişin Bəhruz Sultanov hadisə yerində həyatını itirib. Yük avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
