Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın səhhətində yaranan ciddi problemlər səbəbindən müalicəsi Türkiyədə davam etdirilir.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, aktrisa uzun illərdir ayağındakı ağır zədə səbəbindən ciddi ağrılar yaşayır. O bildirib ki, vaxtilə çəkiliş zamanı yıxılaraq ayağını sındırıb. Sonradan aparılan müayinələr zamanı məlum olub ki, ayağında bir deyil, iki sınıq olub və bu, ilk mərhələdə düzgün müəyyən edilməyib.
Naibə Allahverdiyevanın sözlərinə görə, illər ərzində çoxsaylı həkimlərə müraciət etsə də, aparılan müalicələr gözlənilən nəticəni verməyib. Son müayinələr zamanı ayağında qığırdaq toxumasının ciddi aşınması aşkar edilib.
Aktrisa vəziyyətinin ağırlaşmasından sonra Türkiyədə fəaliyyət göstərən mütəxəssislərlə əlaqə saxlayıb. İlkin qiymətləndirmədə əməliyyatın zəruri olduğu və bunun üçün təxminən 15 min ABŞ dolları tələb edildiyi bildirilib. Daha sonra o, İstanbuldakı xəstəxanalardan birində müalicəyə cəlb olunub.
Naibə Allahverdiyeva qeyd edib ki, Türkiyədə aparılan müayinələr zamanı ona Azərbaycanda qoyulan diaqnozdan fərqli rəy verilib. Hazırda bir həftədir xəstəxanada müalicə aldığını deyən Xalq artisti, sağlamlığına qovuşacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, şiddətli ağrılar səbəbindən artıq çəkilişlərdə iştirak etməkdə çətinlik çəkir və gündəlik həyatını əsasən ağrıkəsici dərmanların köməyi ilə davam etdirir.
