Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. O, gələcək kürəkəni Rəşad Hüseynovu öldürməkdə təqsirləndirilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli saydığını bildirərək, hadisəni qəsdən törətmədiyini deyib.
Firdovsi Hüseynov ifadəsində bildirib ki, mərhum onun qızının nişanlısı olub və aralarında uzun müddətdir mübahisələr yaşanırdı:
“Hadisə günü gecə qızımı evə ötürməyə gəlmişdi. Aralarında yenə dava olmuşdu. Onu sakitləşdirib yola saldım. Bir müddət sonra zəng edib məni aşağı çağırdı. Həyətdə maşında söhbət etdik. Qızım haqqında nalayiq ifadələr işlətməyə başladı. Ona özünü yığışdırmasını dedim. Sonra maşından düşdü və baqajı açmağa çalışdı. Mən də onu qorxutmaq üçün bıçaq çıxardım. O, bıçağı tutmaq istəyəndə əli kəsildi. Üstümə gəlməsəydi, belə olmazdı. Mən öldürmək istəməmişəm”.
Məhkəmədə ifadə verən zərərçəkmişin qardaşı isə hadisə ilə bağlı fərqli məqamları açıqlayıb. O bildirib ki, hadisə gecəsi qardaşı ilə əlaqə saxlaya bilməyib və sonradan telefonun təqsirləndirilən şəxsdə olduğunu öyrənib.
Onun sözlərinə görə, Rəşad Hüseynov xəstəxanada olduğu müddətdə baş verənləri belə izah edib: təqsirləndirilən şəxs bıçaqla hücum edərək onu ağır yaralayıb və həyatına son qoymaqla hədələyib. Yaralı 40 gün yaşadıqdan sonra vəfat edib.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə baş verib. İstintaq materiallarına əsasən, Firdovsi Hüseynov mübahisə zamanı bıçaqla Rəşad Hüseynovun sinə nahiyəsinə zərbə endirib. Ağır xəsarət alan gənc sonradan xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Firdovsi Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Növbəti məhkəmə iclası 11 sentyabr saat 16:30-a təyin edilib.
Ata gələcək kürəkənini niyə öldürüb? MƏHKƏMƏ DETALLARI
Şərh edilməmiş
