Azərbaycanda cari ilin ikinci rübü üzrə qaz istehlakı və ixracında artım qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə SOCAR-ın yaydığı hesabatda bildirilib.
Məlumata əsasən, 2026-cı ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% artaraq 24 min metrə çatıb.
Hesabat dövründə şirkətin istismar etdiyi yataqlardan 1,7 milyon ton neft və 1,8 milyard kubmetr qaz hasil olunub. Ümumilikdə ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 12,8 milyard kubmetr təşkil edib. Eyni zamanda, Azərbaycanda 6,6 milyon tondan çox xam neft hasil edilib.
SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan artıq neft ixrac olunub. Bu göstəriciyə həm şirkətin öz hasilatı, həm də ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumların payına düşən mənfəət nefti daxildir.
Təbii qaz ixracı 6,3 milyard kubmetr, daxili istehlak isə təxminən 2,5 milyard kubmetr olub. İxrac 0,5%, istehlak isə 4,9% artım göstərib.
Bundan əlavə, SOCAR-ın müəssisələrində 1,4 milyon tondan çox neft və 679 milyon kubmetr qaz emal edilib. Şirkət tərəfindən istehsal olunan 556,4 min ton neft və neft-kimya məhsulları da xarici bazarlara çıxarılıb.
