Şimali Kipr Türk Respublikası sahillərində batan FİLOJET bərəsində iki Azərbaycan vətəndaşı da olub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlunun məlumatına görə, Valeh Hümmətov və Rəşad İbrahimov hadisə zamanı xilas ediliblər.
Onların aparıldığı xəstəxanaya zəng edən O.Həsənoğlu bildirib ki, hər iki soydaşımıza ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanadan buraxılıblar.
Onların səhhətinin normal olduğu və həyatları üçün təhlükə olmadığı qeyd edilib.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr Türk Respublikası sahillərində 267 nəfərin olduğu bərə batıb. Hadisə Girnə sahillərindən təxminən 4 mil aralıda baş verib.
Son məlumata görə, 237 nəfər xilas edilib, 7 nəfər həyatını itirib. Daha 23 nəfərin axtarışları qayıq və dronların köməyi ilə davam etdirilir.
