Sabunçu rayonunun Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun həyat yoldaşı, 31 yaşlı Gülüzar Məmmədovanın qətli ilə bağlı yeni məlumatlar yayılıb.
“İlkinxeber.az” xəbər verir ki, yerli sakinlərin iddialarına görə, hadisənin tamah məqsədilə törədildiyi ehtimal olunur. Bildirilir ki, qətli törətməkdə şübhəli bilinən şəhidin atası Adıgözəl Məmmədovun gəlininə məxsus şəhid ailələri üçün nəzərdə tutulmuş aylıq müavinət kartını ələ keçirmək niyyətində olduğu iddia edilir.
Məlumata görə, tərəflər arasında əvvəllər də mənzil məsələsi ilə bağlı mübahisələr yaşanıb. Qonşuların sözlərinə əsasən, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinə təqdim edilən mənzillərdən biri Səxavət Məmmədovun ailəsinə verilib. İddia olunur ki, sonradan şəhidin atası gəlinini həmin evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.
Sakinlər bildiriblər ki, iyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlarla görüşmək bəhanəsi ilə Gülüzar Məmmədova evə çağırılıb. İddialara görə, o, görüşdən sonra yaşayış binasını tərk edərkən qayınatası tərəfindən liftdə bıçaqlanıb.
Hadisə zamanı səs-küy eşidən qonşuların dərhal çölə çıxdığı qeyd edilir.
Qeyd edək ki, Gülüzar Məmmədova və şəhid Səxavət Məmmədovdan iki azyaşlı övlad yadigar qalıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir.
