İdarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən hadisədə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən son iclasda dövlət ittihamçısı çıxış edərək iş üzrə toplanmış sübutların məhkəmə istintaqı zamanı tam təsdiqləndiyini bildirib. Prokuror qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilib.
Dövlət ittihamçısı Arzumun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ölümlə nəticələnən qəza törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bununla yanaşı, onun məhkəmə zalında dərhal həbs olunması da tələb edilib.
Hazırda azadlıqda olan təqsirləndirilən şəxsin müdafiə tərəfinə çıxış üçün vaxt verilib.
Qeyd edək ki, hadisə ötən ilin yayında Mərdəkan qəsəbəsində baş verib. İttihama görə, İlduzə Hacıyevanın idarə etdiyi avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə həmin avtomobildə olan 29 yaşlı Anar Məlikov həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İş üzrə diqqət çəkən əsas məqamlardan biri təqsirləndirilən şəxsin qəza baş verdikdən sonra hadisə yerini tərk etməsi olub. Arzum bu addımını psixoloji vəziyyətinin pisləşməsi və xəstəxanaya getməsi ilə izah etsə də, materiallarda onun həmin tibb müəssisəsini qısa müddət sonra tərk etdiyi göstərilib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Arzum hadisədən əvvəl Almaniyada yaşayıb və Azərbaycana qısa müddətli səfər edib. Hazırda onun övladları da həmin ölkədə yaşayır. Cinayət işi çərçivəsində onun ölkədən çıxışına məhdudiyyət tətbiq olunub.
