Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı müxtəlif iddialar səsləndirilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Səhiyyə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb və bu məlumatların real epidemioloji vəziyyəti əks etdirmədiyini bildirib.
Nazirlikdən verilən məlumata görə, hazırda ölkədə epidemik parotit üzrə vəziyyət sabitdir. Qeyd olunur ki, qeydə alınan yoluxma halları yalnız ayrı-ayrı sporadik hallardan ibarətdir və hər hansı epidemiya və ya kütləvi yayılma müşahidə olunmur.
Bildirilib ki, mövcud vəziyyət tibb müəssisələri tərəfindən daim nəzarətdə saxlanılır, profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Mütəxəssislərin sözlərinə görə, epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında rast gəlinir. Xəstəlik əsasən hava-damcı yolu ilə — öskürmə, asqırma və yaxın təmas zamanı yayılır. İnkubasiya dövrü isə adətən 11–23 gün təşkil edir.
Xəstəliyin əsas əlamətlərinə bədən hərarətinin yüksəlməsi, qulaqətrafı vəzilərdə şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalması daxildir.
Nazirlik vurğulayır ki, əksər hallarda xəstəlik yüngül keçir və tam sağalma ilə nəticələnir. Lakin peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda ağırlaşmalar mümkündür. Bu səbəbdən vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilib ki, Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. Bu peyvənd xəstəlikdən qorunmanın ən etibarlı vasitəsi hesab olunur.
Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı, hər hansı gecikmə və ya buraxılma halında isə yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etməyi tövsiyə edir.
Bundan əlavə, vətəndaşlara xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq məsləhət görülür. Xəstəlik əlamətləri müşahidə olunduqda isə özünümüalicədən uzaq durmaq və həkimə müraciət etmək tövsiyə edilir.
Nazirlik bir daha bildirir ki, ölkədə epidemioloji vəziyyət tam nəzarət altındadır və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatları paylaşmamaları tövsiyə olunur.
