Bakıda dənizdə faciə: üçüncü şəxsin meyiti tapıldı
Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdə batan şəxslərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, aparılan axtarışlar nəticəsində daha bir şəxsin meyiti sudan çıxarılıb. Belə ki, 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda dənizdə batan digər şəxs – 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir.
Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatda Mərdəkan qəsəbəsində, nəzarətsiz ərazidə dörd nəfərin batdığı bildirilmişdi. Nazirliyin xilasedici qüvvələri dərhal əraziyə cəlb olunaraq axtarış işlərinə başlayıb.
Daha əvvəl aparılan əməliyyatlar zamanı 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyitləri də sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdi.
Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi bildirilir.
