“Neftçi”nin Şotlandiyanın “Dandi Yunayted” klubunda çıxış edən xorvat futbolçu Vitsko Şeveli transfer etməyə yaxın olduğu bildirilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “The Courier” məlumat yayıb.
25 yaşlı futbolçunun “Dandi Yunayted”in “Kilmarnok”a qarşı keçirdiyi son oyunda iştirak etməməsi onun transferi ilə əlaqələndirilir. Məlumata görə, Şevel transfer məsələsi ilə bağlı razılığın əldə olunmasından sonra tibbi müayinədən keçmək və şəxsi müqavilə şərtlərini müzakirə etmək üçün Azərbaycana yollanıb.
Klubların transfer məbləği ilə bağlı razılığa gəldiyi də qeyd olunur.
Şevel əsasən müdafiə xəttində və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilən universal futbolçudur. O, 2024-cü ildən “Dandi Yunayted”in formasını geyinir. Klub futbolçunu 2024-cü ilin iyununda Sloveniyanın “Radomlye” komandasından transfer edib.
