Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-nin nüfuzlu ali təhsil ocaqlarından biri olan Corc Vaşinqton Universitetində prorektor (Associate Provost) vəzifəsinə təyin edilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Sevinc Məmmədova yeni vəzifəsində universitetin akademik və institusional inkişafı ilə bağlı müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcək.
O, sosial media hesabında etdiyi paylaşımda yeni təyinatından məmnunluğunu ifadə edib və bu mərhələdə ona dəstək olan şəxslərə təşəkkürünü bildirib.
Sevinc Məmmədova bundan əvvəl də Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərib. O, universitetlərarası əməkdaşlığın, beynəlxalq təhsil proqramlarının və akademik tərəfdaşlıqların inkişafına töhfə verib.
Onun fəaliyyətində diqqət çəkən istiqamətlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının inkişafı olub.
Azərbaycan və ABŞ arasında ali təhsil əməkdaşlığının genişləndirilməsinə xidmət edən proqram müəllim hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələr üçün yeni akademik imkanların yaradılması baxımından əhəmiyyət daşıyır.
Sevinc Məmmədovanın bu əməkdaşlığın inkişafında iştirakı Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və qlobal akademik mühitə inteqrasiyası baxımından da diqqət çəkir.

