Elçibəy bu ölkəyə uyğunlaşmadı. Çünki bu torpaqda uyğunlaşmaq çox vaxt susmaq, razılaşmaq, geri çəkilmək və nəhayət, özündən imtina etmək kimi başa düşülüb. O isə özündən imtina etmədi. Nə sözündən döndü, nə baxışını dəyişdi, nə də ömrü boyu daşıdığı siyasi və mənəvi xəttdən geri çəkildi. Elçibəyin sakitliyi çox vaxt yanlış anlaşıldı. Onun sakitliyini zəiflik kimi qəbul edənlər oldu. Halbuki sükut həmişə acizlik deyil. Bəzən sükut insanın daxilindəki bütövlüyün, özünə və inandığı dəyərlərə sədaqətin ifadəsidir. O, qışqıranların arasında özünü eşitdirmək üçün səsini dəyişmədi. Çünki onun üçün həqiqətin dəyəri onu neçə nəfərin eşitməsi ilə ölçülmürdü. Elçibəy kin saxlamadı. Düşməninə belə insan kimi baxmağa çalışdı. Bu yanaşma isə siyasətin sərt və amansız qaydaları ilə çox vaxt ziddiyyət təşkil edirdi. O, siyasi rəqibini məhv etməklə deyil, öz mövqeyini qorumaqla mübarizə aparmağa üstünlük verdi. Bəlkə də elə buna görə çox vaxt tək qaldı. Bu ölkədə mərhəmət də, vicdan da çox vaxt zəiflik kimi təqdim olunur. Elçibəy isə bunun əksini göstərməyə çalışdı. O, sərtlik nümayiş etdirmədən əyilməz olmağın mümkünlüyünü göstərdi. Pulun, vəzifənin, təhlükənin qarşısında dəyişməyən bir insan obrazı yaratdı. Hakimiyyətdən getdi, amma özünü itirmədi. Kürsü əlindən çıxdı, lakin vicdanını kürsüyə bağlamadı. Çünki onun üçün insanın dəyəri tutduğu vəzifə ilə müəyyən olunmurdu. Hakimiyyət müvəqqəti idi, prinsip isə ömürlük. Elçibəyin siyasi taleyinə müxtəlif qiymətlər vermək olar. Onun qərarlarını, idarəçilik üsulunu, siyasi səhvlərini müzakirə etmək mümkündür. Amma bir həqiqəti də görməmək mümkün deyil. O, inandığı dəyərləri hakimiyyətin rahatlığına dəyişmədi. Sonra ölüm gəldi. Sakit, ağır və amansız. Elə bil zaman illər boyu demədiyi sözləri onun ölümündən sonra deməyə başladı. İnsanlar danışdı, xatırladı, təriflədi, tənqid etdi. Amma ən çətin sual yenə cavabsız qaldı. Biz onu sağlığında nə qədər anlaya bildik? İllər keçdi. Alqışlar səngidi, mübahisələr yoruldu, siyasi gündəmlər dəyişdi. Amma Elçibəy haqqında qəribə bir sükut qaldı. Dərin, ağır və cavabı asan olmayan bir sükut. Bəlkə də məsələ Elçibəyin nə qədər haqlı, nə qədər səhv olması deyil. Əsas məsələ odur ki, bir insanı yalnız öldükdən sonra xatırlamaq, onun sağlığında söylədiyi sözlərin qiymətini isə gec anlamaq cəmiyyət üçün ciddi bir mənəvi itkidir. Bu ölkə Elçibəyi öldükdən sonra itirmədi. Əslində onu sağ ikən itirdi. Onu öz dövründə, öz mübarizəsinin içində, öz prinsiplərinə sadiq qaldığı illərdə tam anlamadı. Və tarix bəzən xalqların qarşısına belə ağır sual qoyur. Doğru insanı itirdikdən sonra tanımaq, əslində onu heç vaxt vaxtında tanımamaq demək deyilmi? Bəlkə də Elçibəyin ən böyük faciəsi ölüm deyildi. Ən böyük faciə onun yaşadığı dövrdə öz ölkəsində özünə layiq anlaşılmaması idi.
İlkin Şakiroğlu yazır: “Bu ölkə onu sağ ikən itirdi”
Şərh edilməmiş
- Advertisement -
