İnsanın həyatını çox vaxt qabiliyyəti deyil, özünə münasibəti müəyyən edir. Eyni imkanlara malik iki nəfərdən biri uğura doğru addımlayır, digəri isə daim tərəddüd içində qalır. Fərqi yaradan isə çox vaxt istedad deyil, özünə inamdır. Maraqlıdır ki, bu inamın təməli insanın ən kövrək və müdafiəsiz dövründə, uşaqlıq illərində qoyulur.
Özünə inam insanın öz gücünə, bacarığına və dəyərinə inanmasıdır. Bu hiss sonradan yaranmır. O, ailədə, məktəbdə, yaxın çevrədə və insanın yaşadığı ilk təcrübələr nəticəsində formalaşır. Uşaq dünyaya gələndə özünü tanımır. O, özünü başqalarının ona münasibətində görür. Ən əvvəl isə valideynlərinin.
Psixoloqlar təsadüfi olaraq demirlər ki, uşağın ilk güzgüsü valideynləridir. Uşaq öz dəyərini anasının baxışında, atasının münasibətində, eşitdiyi sözlərdə axtarır. Əgər ona sevgi, diqqət və dəstək verilirsə, o, özünü dəyərli hiss edir. Əgər daim tənqid olunur, alçaldılır və ya laqeyd münasibətlə qarşılaşırsa, zamanla özünü yetərsiz hesab etməyə başlayır.
Uşaqlıq travmaları insan həyatında görünməyən yaralar açır. Bu yaralar bəzən uzun illər gizli qalır, lakin böyüklük dövründə müxtəlif formalarda üzə çıxır. İnsan uğursuzluqdan qorxur, qərar verməkdə çətinlik çəkir, öz fikrini ifadə etməkdən çəkinir və ya daim başqalarının təsdiqini gözləyir. Çox vaxt isə bunun səbəbini özü də bilmir.
Bəzən bir uşağın həyatında ən ağır travma fiziki zorakılıq deyil. Bir cümlə, bir baxış, bir laqeyd münasibət də onun ruhunda dərin iz buraxa bilir. “Səndən heç nə çıxmaz”, “Sən bacarmırsan”, “Başqaları səndən yaxşıdır” kimi sözlər uşağın yaddaşında sadəcə söz kimi qalmır. Onlar zamanla daxili səsə çevrilir və insanın özünə münasibətini formalaşdırır.
Belə insanlar böyüdükdə çox vaxt öz potensiallarını tam ortaya qoya bilmirlər. Onlar yeni işə başlamaqdan, risk etməkdən, fikirlərini açıq ifadə etməkdən çəkinirlər. Çünki daxilən uğursuzluğa hazırlaşırlar. Özlərinə deyil, qorxularına inanırlar.
Müasir dövrdə sosial şəbəkələr də bu problemi daha da dərinləşdirə bilir. İnsanlar başqalarının həyatlarının ən uğurlu və parlaq tərəflərini görür, sonra isə öz həyatlarını onlarla müqayisə edirlər. Nəticədə özlərini natamam və uğursuz hiss etməyə başlayırlar. Halbuki hər insanın öz yolu, öz mübarizəsi və öz hekayəsi var. Heç kimin həyatı kənardan göründüyü qədər qüsursuz deyil.
Sevindirici hal odur ki, özünə inamın zəif olması insanın taleyi deyil. Bu, dəyişdirilə bilən bir psixoloji vəziyyətdir. İnsan öz keçmişini anlamağa çalışdıqca, yaşadığı hadisələrə fərqli baxmağı öyrəndikcə və daxili yaraları ilə üzləşdikcə dəyişməyə başlayır.
Özünə inamın bərpası ilk növbədə insanın özünü qəbul etməsindən keçir. İnsan öz çatışmazlıqları ilə yanaşı, üstün cəhətlərini də görməyi bacarmalıdır. Çox vaxt insanlar uğurlarını kiçildir, səhvlərini isə böyüdürlər. Halbuki hər kiçik nailiyyət insanın daxili gücünü artıran bir addımdır.
Unutmaq olmaz ki, özünə inam qüsursuz olmaq demək deyil. Özünə inam səhv etdikdən sonra ayağa qalxa biləcəyinə inanmaqdır. Uduzduqdan sonra yenidən cəhd etməkdir. Hər kəs tərəfindən qəbul olunmasan belə, öz dəyərini itirməməkdir.
Uşaqlıq travmaları insanın həyatına təsir göstərə bilər, lakin onun gələcəyini tam müəyyənləşdirə bilməz. İnsan özünü tanıdıqca, daxili yaralarını sağaltmağa çalışdıqca və öz dəyərini anladıqca daha güclü şəxsiyyətə çevrilir. Çünki insanın qazandığı ən böyük qələbə başqalarına qalib gəlmək deyil, öz daxilindəki qorxuları, şübhələri və illərlə daşıdığı görünməyən yükü məğlub etməkdir. Həqiqi özünə inam da məhz o zaman başlayır.
