Əvvəlki illərdən fərqli olaraq, 2026-cı il qəbul imtahanlarının nəticələrində hələ ki, 700 bal toplayan abituriyentin qeydə alınmaması diqqət çəkir. Bu isə cəmiyyətdə bir sual doğurur: maksimum balın olmaması keçid ballarına necə təsir edəcək?
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, məsələ ilə bağlı ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.
Ekspert bildirib ki, hazırkı nəticələr ümumi statistikaya təsir göstərərək bəzi ixtisas qrupları üzrə keçid ballarının aşağı düşməsi ehtimalını artırır. Onun sözlərinə görə, yüksək bal toplayan abituriyentlərin sayının azalması rəqabət mühitini zəiflədə və nəticədə müəyyən ixtisaslarda minimal keçid həddini aşağı sala bilər.
R.Nurəliyev qeyd edib ki, bu proses bütün ixtisaslara şamil olunmayacaq: “Ənənəvi olaraq yüksək tələbat olan ixtisaslarda ciddi dəyişiklik gözlənilmir. Lakin orta və nisbətən aşağı tələbatlı sahələrdə keçid ballarında enmə müşahidə oluna bilər”.
Ekspert abituriyentlərə seçim zamanı yalnız bal faktoruna deyil, gələcək əmək bazarının tələblərinə və şəxsi maraqlara da diqqət yetirməyi tövsiyə edib.
