Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” və “WhatsApp Business” hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, agentlik vətəndaşları hesablarının təhlükəsizliyini gücləndirməyə və mümkün kiberhücumların qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.
MKA istifadəçilərə ilk növbədə tətbiqin “Bağlı cihazlar” bölməsini yoxlamağı tövsiyə edir. Hesaba qoşulmuş cihazlar arasında tanımadıqları qurğu aşkar edən şəxslər həmin cihazlardan dərhal çıxış etməlidirlər. Telefonlarında tətbiqin normal işləməsi hesabın başqa cihaz vasitəsilə istifadə olunmadığına zəmanət vermir.
Hesabın qorunması üçün ikimərhələli təsdiqləmə aktivləşdirilməli, bərpa məqsədilə təhlükəsiz elektron poçt ünvanı əlavə olunmalıdır. SMS vasitəsilə göndərilən təsdiq kodlarını, təhlükəsizlik PIN-kodunu və cihaz bağlantısı üçün nəzərdə tutulan məlumatları heç kimə vermək olmaz. İstifadəçinin özü tərəfindən başladılmayan giriş sorğularının təsdiqlənməsi də təhlükə yarada bilər.
Agentlik saxta bildirişlərə və şübhəli keçidlərə qarşı diqqətli olmağın vacibliyini vurğulayır. Hesabın bağlanacağı, biznes profilinin təsdiqlənməli olduğu və ya texniki dəstək göstəriləcəyi adı ilə göndərilən mesajlar dələduzluq məqsədi daşıya bilər. QR-kodlar yalnız etibarlı və rəsmi mənbələrdən istifadə edilməklə skan olunmalıdır.
Bununla yanaşı, “WhatsApp” və “WhatsApp Business” tətbiqlərinin yenilənməsi, proqramların yalnız rəsmi mağazalardan yüklənməsi və yeni cihaz bağlantıları barədə bildirişlərin izlənilməsi tövsiyə olunur.
Biznes hesablarından istifadə edən müəssisələr isə giriş hüquqlarını yalnız səlahiyyətli əməkdaşlara verməli, işdən ayrılan şəxslərin hesab və cihazlara çıxışını vaxtında dayandırmalıdırlar.
Hesabın ələ keçirildiyindən şübhələnən istifadəçilər naməlum cihazlardan çıxış etməli, hesaba giriş itirildikdə nömrələrini rəsmi tətbiq vasitəsilə yenidən qeydiyyatdan keçirməlidirlər. Eyni zamanda, yaxınlarını onların adından göndərilə biləcək saxta mesajlar və pul tələbləri barədə məlumatlandırmaları vacibdir.
MKA xüsusilə diqqətə çatdırır ki, ikimərhələli təsdiqləmənin aktivləşdirilməsi hesabda artıq mövcud olan icazəsiz bağlantıları avtomatik ləğv etmir. Buna görə də bağlı cihazların yoxlanılması hesabın təhlükəsizliyinin təmin olunmasında mühüm addımdır.
