İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün nəzərdə tutulan ödənişin ləğv edilməsi gündəmdədir.
Bu barədə Medianın İnkişafı Agentliyi məlumat verib.
Bildirilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1 maddəsi jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə bağlı ödənişin məbləğini və həmin vəsaitin istifadə qaydasını tənzimləyir.
Təklif edilən dəyişikliklərə əsasən 2.18.1.2 maddə çərçivəsində 70.1 maddədən jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün ödənişin məbləği və vəsaitdən istifadə qaydası ilə bağlı müddəaların çıxarılması nəzərdə tutulur. Dəyişiklik qəbul ediləcəyi halda jurnalist vəsiqələrinin verilməsi və dəyişdirilməsi tamamilə ödənişsiz həyata keçiriləcək.
Qeyd edək ki, indiyədək jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün 20 manat ödəniş tələb olunub.
