Azərbaycan Beynəlxalq Bankının ABB kartlarında balansların mənfi göstərilməsi və vəsaitlərin silinməsi ilə bağlı şikayətlər fonunda oxşar halların digər bank və ödəniş xidmətlərinin istifadəçiləri tərəfindən də müşahidə olunduğu bildirilir. İstifadəçilər əməliyyat tarixçələrində uyğunsuzluqların yarandığını qeyd edirlər.
Məlumata əsasən, istifadəçilərdən biri AFB Bank hesabından ABB kartına 417 manat köçürdükdən sonra balansın 422.89 manat əvəzinə mənfi 1 500.69 manat kimi əks olunduğunu iddia edib.
Digər paylaşımlarda ABB müştəriləri kart hesablarında mənfi balansların yarandığını, bəzi hallarda isə vəsaitlərin səbəbi göstərilmədən silindiyini bildiriblər.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bir sıra bank və ödəniş xidmətləri də müştərilərə texniki nasazlıqlarla bağlı xəbərdarlıq edib. Expressbankın Express24 mobil tətbiqi vasitəsilə göndərilən bildirişdə kart əməliyyatlarında müvəqqəti texniki çətinliklərin olduğu qeyd edilib. AccessBank isə müştərilərə SMS vasitəsilə kart əməliyyatlarının müvəqqəti olaraq işləməyəcəyini bildirib.
Yelo Bankın mobil tətbiqində də istifadəçilərə müvəqqəti texniki fasilə barədə məlumat verilib. Bildirilib ki, aparılan yenilənmə və təkmilləşdirmə işləri səbəbindən tətbiqdən istifadə müvəqqəti dayandırılıb.
Rabitə Bank müştəriləri tərəfindən də oxşar nasazlıqların yaşandığı iddia olunur.
Hazırda problemin dəqiq səbəbi barədə rəsmi məlumat yoxdur. Nasazlığın bankların daxili sistemləri, kart prosessinq infrastrukturu və ya üçüncü tərəf xidmətləri ilə bağlı olub-olmadığı açıqlanmayıb.
İLKİNxeber.az informasiya agentliyi olaraq qeyd edirik ki, məsələ ilə bağlı rəsmi açıqlamalar gözlənilir.
