27 Sentyabr haqqında hər il yazırıq. Eyni sözləri təkrar edirik. ŞƏHİD deyirik, Vətən deyirik, qələbə deyirik. Sonra yazını bağlayıb başqa xəbərə keçirik.
6 il sonra 2020-yə qayıdıram. Kəndimizin ŞƏHİDlərinin simaları gəlir gözüm önünə. Ramin, Əkbər, Tale, Rauf, Sənan, Şəhriyar, Elnur, Bilal, Rəşad…
Sanki onlarla söhbət edirəm.
Nə danışardıq görəsən? Bu 6 ildə kənddə nələrin dəyişdiyini deyərdim onlara. Kimlərin qocaldığını, kimlərin dünyasını dəyişdiyini, hansı uşaqların böyüdüyünü… Bəlkə də çox adi şeylərdən danışardıq. Elə əvvəl necə danışırdıqsa.
Mən onları müharibə xəbərlərindən tanımamışam. Kənddən tanımışam. Hərəsinin öz siması, öz söhbəti, öz xatirəsi var. Ona görə də adlarını çəkəndə gözümün önünə kənddən tanıdığım simalar gəlir.
Amma 27 Sentyabr haqqında düşünəndə onların həyatının son səhifəsi də qarşıma çıxır. Çünki onları bu gün ŞƏHİD edən məhz o seçim idi. Vətənin ən ağır günündə döyüşə getmək, qarşılarındakı təhlükəni bilə-bilə geri çəkilməmək və canlarını bu torpağın azadlığı uğrunda fəda etmək.
ŞƏHİD sözü də elə buradan ucalır.
Bu, adi bir ölüm deyil.
İnsan öz həyatını qorumaq instinktinin əksinə gedib Vətən uğrunda canından keçir. ŞƏHİDlik həmin fədakarlığın adıdır. Ona görə ŞƏHİD adı çəkiləndə təkcə itirdiyimiz insanı yox, onun göstərdiyi iradəni də düşünmək lazımdır.
Ramin, Əkbər, Tale, Rauf, Sənan, Şəhriyar, Elnur, Bilal, Rəşad…
Bu adlar mənim üçün bir kəndin yaddaşında qalan adlar olmaqdan daha böyük məna daşıyır. Onların hər biri 2020-ci ilin o ağır günlərində öz qərarını verdi və həmin qərarın sonuna qədər getdi.
Bu gün onların adlarını çəkəndə düşünürəm ki, 27 Sentyabrın bizə qoyduğu ən böyük irs yalnız azad edilmiş torpaqlar deyil.
Bu irsin içində bir anlayış var.
Vətən uğrunda yaşamaq qədər Vətən uğrunda ölməyin də tarixdə necə böyük məna daşıdığını göstərən bir anlayış.
Torpaqlar geri qayıtdı. Şəhərlər, kəndlər yenidən qurulur. İnsanlar öz doğma yurdlarına dönür. Bütün bunların arxasında döyüşənlərin, yaralananların və ŞƏHİD olanların payı var.
Ona görə 27 Sentyabrı yalnız bir tarix kimi görmək mənə az gəlir.
Bu günün bizə qoyduğu irs həm torpaqdır, həm də o torpağın uğrunda canından keçən insanların adı.
Və bu adların içində mənim kəndimin oğulları da var.
6 il keçir. Mən yenə onları xatırlayıram. Amma bu dəfə yalnız yoxluqlarını düşünmürəm.
Onların necə ayağa qalxdığını, necə döyüşdüyünü, necə Vətən yoluna çıxdığını düşünürəm.
Sonra yenə həmin söhbət başlayır.
Sanki kənddəyik.
Onlar yanımdadır.
Mən üzlərinə baxıram.
Və anlayıram ki, o söhbətlərin cavabı sözlə verilmir.
27 Sentyabr isə həmin cavabın tarixidir.
27 İlkin Şakiroğlu- Sentyabr: Adları tarixə yazılanlar
Şərh edilməmiş
