Cari ildən etibarən məzunlara diplom, attestat və digər təhsil sənədlərinin elektron formada təqdim olunması tətbiq edilib. 2026-cı il məzunları bu sənədlərə “myGov” platformasının “Elektron təhsil sənədlərim” bölməsindən baxa bilirlər.
Lakin əvvəlki illərdə məzun olan şəxslərin diplom və attestatları hələ tam şəkildə elektron sənəd formasında təqdim edilmir. Bu isə vətəndaşların köhnə təhsil sənədlərinə rəqəmsal formada çıxış imkanları ilə bağlı suallar yaradır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, əvvəlki illərin məzunlarının attestatlarının elektron formada təqdim edilməsi məsələsi hazırda müzakirə mərhələsindədir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məsələ ilə bağlı yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “myGov” platformasında ümumi təhsil haqqında elektron arayış xidməti artıq mövcuddur və dövlət elektron məlumat sistemindəki məlumatlar 2015-ci ildən sonrakı dövrü əhatə edir.
