İlkinXəbər.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli kimyaçı alim, kimya elmləri doktoru, akademik Əjdər Məcidov 88 yaşında vəfat edib.
Əjdər Məcidov Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
Akademikin əsas elmi fəaliyyəti koordinasiya birləşmələri kimyası, qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz sahələrini əhatə edib. O, paramaqnit liqandlarla metal komplekslərinin sintezi və tədqiqi istiqamətində mühüm elmi nəticələr əldə edib, bu sahədə Azərbaycanda yeni elmi məktəbin formalaşmasına mühüm töhfələr verib.
Əjdər Məcidov 1966-cı ildə kimya üzrə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1985-ci ildə professor elmi adına layiq görülüb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü – akademik seçilib.
O, uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şöbə və laboratoriya müdiri vəzifələrində çalışıb. Alimin 220-dən çox elmi əsəri nəşr olunub.
Əjdər Məcidov elmi fəaliyyətinə görə “Şöhrət” ordeni və bir sıra digər mükafatlarla təltif edilib.
