İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hərbçilərin pensiya təminatı ilə bağlı yeni islahatların həyata keçirilməsi nəzərdə tutulur.
Yeni mexanizmə əsasən, hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı mövcud əlaqənin aradan qaldırılması planlaşdırılır. Pensiya fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında müəyyən ediləcək və bununla yanaşı, sabit məbləğdə aylıq pensiya əlavəsi tətbiq olunacaq.
Təkliflərə əsasən, hərbi rütbələr üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üçün pensiya yaşı kimi müəyyənləşdiriləcək.
Sığorta mexanizminin gücləndirilməsi çərçivəsində hərbçilərə fərdi şəxsi hesablarında qeydə alınan pensiya kapitalına əsasən ümumi qaydalarla əmək pensiyası təyin ediləcək. Bundan əlavə, mövcud qanunvericilikdə nəzərdə tutulan qulluq stajına görə əlavənin əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsinin verilməsi planlaşdırılır.
Bildirilib ki, yeni sistem hərbçilərin daha uzun müddət xidmət etməsini stimullaşdıracaq. Xidmət müddəti artdıqca onların vəzifə və hərbi rütbələrinin, buna uyğun olaraq əməkhaqlarının və pensiya kapitallarının yüksəlməsi gələcəkdə daha yüksək pensiya alma imkanlarını artıracaq.
İslahatın digər məqsədi hərbçilərin pensiya təyinatı prosesini sadələşdirməkdir. Yeni mexanizmin tətbiqi ilə pensiyaların elektron qaydada, hər hansı ünvana müraciət etmədən və daha qısa müddətdə təyin olunması mümkün olacaq.
Aylıq pensiya əlavəsinin məbləğinin isə hərbi rütbələr üzrə ayrıca müəyyənləşdirilməsi nəzərdə tutulur.
Hərbçilərin pensiya sistemi dəyişir
Şərh edilməmiş
