Elmi-tədqiqat və innovasiya işlərinə çəkilən xərclərlə bağlı yeni güzəştlər təklif edilir
Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin inkişafını stimullaşdırmaq məqsədilə vergi qanunvericiliyinə dəyişikliklər təklif olunur.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, təklif olunan dəyişikliklərə əsasən, elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə sifariş verən vergi ödəyicilərinin bu istiqamətdə nağdsız qaydada çəkdiyi əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) artırılmış əmsalla vergitutulan gəlirdən çıxıla biləcək.
Belə ki, həmin xərclərin faktiki məbləğinin 250 faizi həcmində, yəni 2,5 əmsal tətbiq edilməklə hesabat ili üzrə vergi ödəyicisinin vergitutulan gəlirindən (mənfəətindən) çıxılması nəzərdə tutulur.
Qeyd olunur ki, sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin qarşılıqlı surətdə asılı olduğu hallarda bu güzəşt tətbiq edilməyəcək.
Dəyişikliklərə əsasən, elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə aid edilən xərclərin dairəsi də müəyyənləşdirilir.
Buraya bilavasitə həmin fəaliyyətlərdə iştirak edən işçilərin əməkhaqqı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, sınaq və eksperimentlər zamanı istifadə edilən xammal, material və ləvazimatların dəyəri daxildir.
Həmçinin elmi-tədqiqat və layihə işləri çərçivəsində uyğunluğu qiymətləndirən qurumlardan alınan sınaq, sertifikatlaşdırma və ekspertiza xidmətlərinin dəyəri, eləcə də yalnız bu fəaliyyətlərdə istifadə olunan maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanan amortizasiya ayırmaları da nəzərə alınacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
