Cəlilabad rayonunda canavar təhlükəsi gündən günə artır. Son iki aya yaxın müddətdə yırtıcı heyvanların yaşayış məntəqələrinə yaxınlaşması sakinləri ciddi narahat edir. Xüsusilə rayon mərkəzinə yaxın ərazilərdə, Həzi Aslanov və Rəşad Zeyniyev küçələri istiqamətində canavarların görünməsi artıq adi hala çevrilib.
İlkinxeber.az-a danışan sakinlərin sözlərinə görə, hücumlar əsasən gecə saatlarında baş verir. Canavarlar xırdabuynuzlu heyvanlara hücum edərək qoyun və quzuları parçalayır. Sakinlər bildirirlər ki, demək olar hər gün yeni hadisə qeydə alınır və vəziyyət getdikcə daha qorxulu xarakter alır.
Əldə olunan məlumata görə, təsərrüfat sahiblərinə dəyən ümumi maddi ziyanın 50 min manata yaxın olduğu bildirilir. Bayram günlərində belə hücumların davam etməsi isə əhali arasında təşvişi daha da artırıb. Belə ki, sakinlərdən birinin qurbanlıq üçün aldığı iki qoyun canavarların hücumuna məruz qalaraq tələf olub.
Yerli əhali bildirir ki, problem artıq yalnız təsərrüfatlara deyil, insanların təhlükəsizliyinə də təhdid yaradır. Axşam saatlarında küçəyə çıxmağa ehtiyat edənlərin sayı artıb.
Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev açıqlamasında bildirib ki, hadisələr nəzarətdə saxlanılır və araşdırmalar aparılır. Onun sözlərinə görə, aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.
İlkinxeber.az olaraq mövzunu diqqətdə saxlayırıq

