Lənkəran şəhərində ekoloji vəziyyətlə bağlı narahatedici bir mənzərə müşahidə olunur.
Məlumata görə, şəhərin Şəhidlər Xiyabanı küçəsi istiqamətindən keçən Ləkər çayı ətraf ərazilərdə yaşayan bəzi şəxslər tərəfindən zibillənir. Xüsusilə Ləvəngi dairəsinə yaxın hissədə vəziyyət daha ciddi xarakter alır.
Sakinlərin bildirdiyinə əsasən, gecə saatlarında bəzi avtomobillərlə əraziyə gələn şəxslər məişət tullantılarını birbaşa çaya atırlar. Nəticədə çayda yığılan zibillər antisanitar vəziyyət yaradır və ətraf mühitin çirklənməsinə səbəb olur.
Bundan başqa, uzun müddətdir çay kənarındakı ağaclara qulluq edilməməsi də problemləri daha da artırır. Budaqların çay məcrasına doğru əyilməsi su axınını qismən çətinləşdirir.
Xüsusilə yağışlı havalarda bu vəziyyət çayın daşmasına gətirib çıxarır və nəticədə su yaxınlıqdakı həyətlərə dolaraq əlavə fəsadlar yaradır.
Qeyd edək ki, Ləkər çayı birbaşa Xəzər dənizinə tökülür. Bu isə yaranan ekoloji problemin yalnız Lənkəranla məhdudlaşmadığını, daha geniş ərazilər üçün də təhlükə yaratdığını göstərir.
