İran zəruri malların idxalı üçün Azərbaycanın imkanlarından istifadə edəcək
İran Prezidenti Məsud Pezeşkian ölkəyə zəruri malların idxalının təmin edilməsi məqsədilə qonşu dövlətlərin imkanlarından daha geniş istifadə olunması ilə bağlı hökumətə tapşırıqlar verib.
İlkinxeber.az xəbər verir ki, bu barədə qərar nazirlər və İran Mərkəzi Bankının rəhbərliyi ilə keçirilən müşavirədən sonra qəbul olunub.
Məlumata görə, Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət və nəqliyyat marşrutlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin bəzi zəruri malların idxalı və təminatı üçün Azərbaycan, Rusiya və Pakistanın imkanlarından yararlanmağın əhəmiyyətini qeyd edib.
Məsud Pezeşkian aidiyyəti qurumlara bu istiqamətdə əldə olunan razılaşmaların icrasını sürətləndirməyi tapşırıb. Prezident bildirib ki, ehtiyac yaranacağı təqdirdə, əsas ərzaq məhsulları, dərman preparatları və digər vacib malların ölkəyə çatdırılması zamanı meydana çıxan maneələrin aradan qaldırılması üçün qonşu dövlətlərin rəhbərləri ilə şəxsən danışıqlar aparmağa hazırdır.
Müşavirədə İranın bəzi cənub sərhəd keçid məntəqələrində yaranmış məhdudiyyətlər fonunda ölkənin ehtiyac duyduğu malların, dərman vasitələrinin və digər resursların idxalı ilə bağlı vəziyyət ətraflı müzakirə olunub.
İranın iqtisadiyyat naziri bildirib ki, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində malların idxalını asanlaşdırmaq məqsədilə bir sıra quru sərhəd keçid məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının fəaliyyəti genişləndirilib.
Mütəxəssislərin fikrincə, Azərbaycanın bu prosesdə iştirakının artması regionda tranzit daşımalarının genişlənməsinə və ölkənin beynəlxalq logistika mərkəzi kimi rolunun daha da güclənməsinə töhfə verə bilər.
