ABŞ-də fövqəladə vəziyyət, o cümlədən nüvə müharibəsi təhlükəsi yaranacağı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsini və dövlət idarəçiliyinin fasiləsizliyini təmin etmək məqsədilə yeni helikopter eskadrilyası formalaşdırılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ-nin Merilend ştatında yerləşən “Endryus” Birgə Hərbi Bazası məlumat yayıb.
Bildirilib ki, yeni bölmə Milli Paytaxt Regionunda fövqəladə hallarda dövlət idarəçiliyinin davamlılığının təmin edilməsinə dəstək verəcək.
Eskadrilyanın ABŞ Hərbi Hava Qüvvələrinin müasir “HH-60W Jolly Green II” helikopterləri ilə təchiz edilməsi planlaşdırılır. Bu helikopterlər hazırda istifadə olunan köhnə “UH-1N Huey”lərin yerini alacaq. “HH-60W” modeli müxtəlif təhlükə şəraitində şəxsi heyətin təxliyəsi, axtarış-xilasetmə və digər xüsusi əməliyyatlar üçün nəzərdə tutulub.
Məlumata görə, “Endryus” bazasına ümumilikdə 26 ədəd “HH-60W” helikopterinin verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ-də hökumətin davamlı fəaliyyətinin təmin edilməsi üçün yüksək vəzifəli şəxslərin fövqəladə vəziyyət zamanı paytaxt regionundan təxliyəsi uzun müddətdir mövcud olan xüsusi təhlükəsizlik planlarının tərkib hissəsidir.
