ABŞ İranda toy mərasiminin keçirildiyi evə endirildiyi bildirilən zərbə ilə bağlı araşdırmaya başlayıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) hadisə ilə bağlı pilotsuz uçuş aparatlarından əldə olunan görüntüləri və hədəf seçimi prosedurlarını araşdırır.
ABŞ rəsmilərinin iddiasına əsasən, zərbənin əsas hədəfi həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunan rabitə qülləsi olub. Lakin həmin zərbələr zamanı toy mərasiminin keçirildiyi yaşayış binasının da vurulması və mülki şəxslərin həlak olması ilə bağlı məlumatlar araşdırılır.
Sentyabrın 2-də İranın cənubundakı Sirik bölgəsinin Kuhestak şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirildiyi bildirilib. Hadisə nəticəsində ən azı 5 nəfərin öldüyü, 60-dan çox şəxsin yaralandığı açıqlanıb.
İran tərəfi hadisə yerində ABŞ istehsalı olduğu bildirilən raket qalıqlarının tapıldığını açıqlayıb. ABŞ isə yaşayış evinin məqsədli şəkildə hədəfə alındığını rəsmi şəkildə təsdiqləməyib.
CENTCOM sözçüsü Tim Hokins bildirib ki, ABŞ ordusu heç vaxt mülki şəxsləri hədəf almır.
Hazırda araşdırmanın nəticələri gözlənilir. ABŞ tərəfinin apardığı araşdırmanın zərbənin dəqiq hədəfini və mülki yaşayış binasının hansı səbəbdən zərər gördüyünü müəyyənləşdirməsi gözlənilir.
