Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yolun bir hissəsi çöküb. Hadisə sürücülərin hərəkətində çətinlik yaradıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Y.Hüseynov və Natəvan küçələrinin kəsişməsində diametri 800 millimetr olan tullantı su kollektorunda qəza baş verib. Qəza nəticəsində yolun müəyyən hissəsində çökmə yaranıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hadisə ilə bağlı əraziyə dərhal briqada cəlb olunub. Təhlükəsizlik məqsədilə ərazi çəpərlənib və müvafiq yol nişanları quraşdırılıb.
Hazırda kollektorun qəzalı hissəsinin dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.
