İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda yerləşən İdrak liseyində müəllimi güllələməkdə ittiham olunan 10 cu sinif şagirdinin cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclası baş tutmayıb və proses təxirə salınıb.
Məlumata görə, iclasın keçirilməməsinə səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin məhkəmədə iştirak etməməsi olub.
Vəkil olmadan da şagirdin valideynləri prosesə qatılıb. Məhkəmədə qanuni nümayəndə qismində anası Z Şirinova tanınıb. Hakim tərəfindən yeniyetməyə və onun qanuni nümayəndəsinə hüquq və vəzifələri izah edilib. Müdafiəçinin iştirak etməməsi səbəbindən iclas 17 iyun tarixinə kimi təxirə salınıb.
Məhkəmə iclasından sonra təqsirləndirilən şagirdin valideynləri ilk dəfə jurnalistlərin suallarını cavablandırıb. Atası Samir Şirinov bildirib ki, oğlunun belə bir hadisə törədə biləcəyini heç vaxt düşünməyib.
Onun sözlərinə görə, övladı sakit xarakterli olub, dərslərində uğurlu nəticələr göstərib və təhsilini ingilis dilində davam etdirib. Ata qeyd edib ki, müəllimlə şagird arasında əvvəlcədən hər hansı gərginlik və ya düşmənçilik olmayıb, hadisənin gözlənilmədən baş verdiyini düşünürlər.
Samir Şirinov istintaq çərçivəsində ifadə verdiyini də təsdiqləyib və hadisədə istifadə olunan silahın saxlanma şəraiti ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Şagirdin anası Z Şirinova da övladının sakit və tərbiyəli olduğunu qeyd edib. O, danışarkən emosional vəziyyət keçirib və ailənin baş verən hadisədən dərin sarsıntı yaşadığını vurğulayıb.
Xatırladaq ki, hadisə bu ilin fevral ayında Bakıda baş verib. 10 cu sinif şagirdi Ə Ş atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovaya qarşı silahlı hücum edib. Ağır yaralanan müəllimin həyatı xilas edilib və sonradan o, şagirdi bağışlayıb.
Hazırda yeniyetmə Cinayət Məcəlləsinin 120.2.2 ci maddəsi üzrə ittiham olunur və məhkəmə araşdırmaları davam edir.
