İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
İLKİNxeber.azın məlumatına görə, iclasda maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı geniş təqdimatla çıxış edib.
Bildirilib ki, ötən il dövlət maliyyəsinin daha səmərəli idarə olunması məqsədilə bir sıra islahatlar həyata keçirilib. Bu istiqamətdə 13 altsistemdən ibarət Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi yaradılıb və onun əsasnaməsi təsdiqlənib. Sistem çərçivəsində elektron müqavilə, elektron rüsum, büdcə məlumatlarının idarə edilməsi, elektron büdcə bələdçisi və dövlət müəssisələrinin rəqəmsal monitorinqi modulları istifadəyə verilib.
Sahil Babayev qeyd edib ki, həyata keçirilən islahatlar çərçivəsində dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib. Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, həmçinin büdcə gəlir və xərclərinin cari və növbəti dövrlər üçün proqnozlaşdırılması məqsədilə maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib.
Həmçinin bildirilib ki, hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib. Dövlət xəzinədarlığında risk əsaslı cari nəzarət mexanizminin tətbiqinə başlanılıb, inzibati idarəetmə sistemi təkmilləşdirilib və regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Ölkə üzrə bütün ödənişlərin yalnız bir xəzinə orqanı vasitəsilə həyata keçirildiyi vurğulanıb.
Nazirin sözlərinə görə, dövlət müəssisələrinin gəlir və xərclərinin icrasının monitorinqi və təhlili qaydaları, həmçinin xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinin ümumi prinsipləri təsdiq edilib. Eyni zamanda dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizası və təhlili prosesinə başlanılıb.
Sahil Babayev Milli Məclisdə hesabat verdi
Şərh edilməmiş
