9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün təkrar imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanların keçiriləcəyini açıqlayıb.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, imtahanlar Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq.
Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər iştirak edə biləcəklər. İştirakçılar imtahana buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin müvafiq elektron xidmətləri vasitəsilə əldə edə bilərlər.
Eyni zamanda, Bakı, Abşeron və Sumqayıt üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəblərə müraciət etmiş cari və əvvəlki illərin IX sinif şagirdləri də iyunun 21-də keçiriləcək imtahanda iştirak hüququ qazanıblar.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi ünvan, bina və zal nömrəsi, başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə saatı və digər vacib məlumatlar əks olunub.
Qeyd edək ki, mayın 17-də Bakı, Abşeron və Sumqayıtın bəzi ərazilərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bir sıra iştirakçılar imtahana qatıla bilməmişdi. Məhz bu səbəbdən həmin şəxslər üçün təkrar imtahanın keçirilməsi nəzərdə tutulub.
