Bakıda milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə “Milli Xalq Oyunları” Festivalı təşkil olunub.
İLKİNxeber.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festival Elm və Təhsil Nazirliyinin elan etdiyi “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində baş tutub.
Layihənin əsas məqsədi təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarının inkişaf etdirilməsi, milli mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliği və interaktiv təhsil mühitinin formalaşdırılmasıdır.
Layihəyə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərindən hər biri üzrə iki məktəb olmaqla ümumilikdə səkkiz məktəb qoşulub. İlk mərhələdə 24 müəllimin iştirakı ilə Təlimçilərin Təlimi proqramını əhatə edən düşərgə təşkil edilib. Təlimləri uğurla başa vuran müəllimlər əldə etdikləri bilik və bacarıqları məktəblərdə şagirdlərlə bölüşərək müxtəlif maarifləndirici sessiyalar keçiriblər. Layihəyə ümumilikdə 120 şagird cəlb olunub.
Festival paytaxtın Rixard Zorge adına parkında təşkil edilib. Tədbirdə layihə iştirakçıları ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Rəssamlıq Akademiyası, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, İMEK Beynəlxalq Musiqi Tədris Mərkəzi və Azərsun Holdinqin nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində layihənin nəticələri təqdim olunub, iştirakçılar üçün müxtəlif milli oyunlar və əyləncəli proqramlar təşkil edilib. Çiləmə, dəyirman, fincan fincan, iç çöl, bənövşə, gözbağlıcı, qodu qodu və əl üstə kimi qədim xalq oyunları nümayiş etdirilib. Eyni zamanda milli rəqs üzrə ustad dərsləri və müxtəlif idman yarışları keçirilib.
Tədbir zamanı gənc rəssamlar xüsusi yaradılmış rəsm guşələrində öz əl işlərini sərgiləyiblər. Festival proqramına DJ çıxışları, köpük şousu, animatorların təqdimatları və gənc ifaçıların musiqi nömrələri də daxil edilib.
Sonda layihədə fəallığı ilə seçilən altı müəllim mükafatlandırılıb, layihədə iştirak edən 120 şagirdə sertifikatlar təqdim olunub.
