İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycanın investisiya cəlbediciliyinin əsas amillərindən biri siyasi və makroiqtisadi sabitlik, strateji coğrafi mövqe və dayanıqlı maliyyə sistemidir.
Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantılarının yekun mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, tədbir çərçivəsində “Azərbaycanın investisiya perspektivləri” mövzusunda xüsusi sessiya təşkil olunub və ölkənin iqtisadi imkanları geniş şəkildə təqdim edilib. Onun sözlərinə görə, bu imkanlar milli iqtisadi prioritetlərdə öz əksini tapır və əsas diqqət qeyri-neft-qaz sektorunun inkişafına yönəlib.
M.Cabbarov vurğulayıb ki, son illərdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft sektoru olub. Prioritet istiqamətlər sırasında qeyri-neft istehsalı, dağ-mədən sənayesi, kritik xammal hasilatı, aqrar sektor və kənd təsərrüfatı məhsullarının emalı xüsusi yer tutur.
Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna yönəldilən investisiyalar fonunda nəqliyyat və logistika sahəsinin də mühüm potensiala malik olduğu qeyd edilib.
Nazir turizm sektoruna da diqqət çəkərək bildirib ki, belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkənin turizm imkanlarını real şəkildə nümayiş etdirir.
O əlavə edib ki, bərpa olunan enerji mənbələri, maliyyə xidmətləri və rəqəmsal transformasiya da iqtisadiyyatın inkişafında əsas istiqamətlərdən biri olaraq qalır.
M.Cabbarovun sözlərinə görə, Azərbaycanın investorlar üçün əsas üstünlüyü yalnız sabitlik və coğrafi mövqe ilə məhdudlaşmır. Dayanıqlı maliyyə sistemi, aşağı dövlət borcu səviyyəsi, yüksək qızıl-valyuta ehtiyatları və beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri ölkənin investisiya cəlbediciliyini daha da artırır.
Nazir qeyd edib ki, bütün bu məlumatlar tədbir iştirakçılarına, investorlar və beynəlxalq maliyyə institutlarına təqdim olunub və özəl sektor bu prosesdə fəal iştirak edərək yüksək nəticələr göstərib.
